Rusiyada istifadə olunmuş avtomobillərin satışı rekord həddə yüksəlib
Bakı, 16 oktyabr, AZƏRTAC
Rusiyada istifadə olunmuş avtomobillərə tələbat artıb. Bu barədə “Drom” avtomobil portalı məlumat yayıb.
AZƏRTAC “Gazeta.ru” nəşrinə istinadla xəbər verir ki, 2025-ci ilin üçüncü rübündə ikinci rüblə müqayisədə rusiyalılar 17 faiz daha çox istifadə olunmuş avtomobil alıblar.
Ötən rübün yekunlarına əsasən, Rusiyada ikinci əl avtomobillərin orta qiyməti əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 914 min rubl (təxminən 11,5 min ABŞ dolları) təşkil edib. Eyni zamanda, bazarda təkliflərin sayı da artmaqda davam edir, belə ki, ilin əvvəlindən bəri təxminən 27 faiz artım qeydə alınıb. Bununla yanaşı, yanvar ayında “Drom” portalında satışda olan avtomobillərlə bağlı təxminən 740 min aktiv elan mövcud idisə, sentyabrda bu göstərici 945 minə çatıb.
İkinci əl avtomobillər bazarında ən çox satılan modellər yerli istehsal olan “Lada Priora”, “Lada Granta” və “Lada 2114” avtomobilləridir.
Bundan əvvəl “Avtostat” agentliyinin rəhbəri Sergey Tselikovun keçirdiyi sorğunun nəticələrinə dair bildirilib ki, Rusiyada yeni minik avtomobillərinə tələbatın azalmasının əsas səbəbi banklarda yüksək kredit faizləridir. Respondentlərin 63 faizi məhz bu amili əsas səbəb kimi göstərib.
Sorğu iştirakçılarının 43 faizi isə tələbatın azalmasını ölkədəki ümumi iqtisadi vəziyyətlə bağlı əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirib. Daha 25 faiz respondent hesab edir ki, bu azalma qlobal avtomobil markalarının Rusiyaya qayıdacağı gözləntiləri ilə bağlıdır.