Rusiyadakı Azərbaycan diasporunun rəhbərləri virtual cəmiyyətlərin yaradılmasını təklif ediblər
Bakı, 11 iyun, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Rusiyadakı Azərbaycan diasporunun bir qrup rəhbərinin qatıldığı videokonfrans təşkil edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videokonfransda diaspor sədrləri yeni növ koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklərlə üzləşmiş soydaşlarımızın, yerli aztəminatlı və çoxuşaqlı ailələrin dəstəklənməsi üçün müxtəlif xeyriyyə kampaniyalarının reallaşdırılması, rəhbərlik etdikləri təşkilatların fəaliyyəti və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər. Pandemiya dönəmində Rusiyadakı diaspor təşkilatlarının koordinasiyalı şəkildə fəaliyyətini təmin etmək məqsədilə virtual cəmiyyətlərin yaradılması, iki ölkə arasında qarşılıqlı münasibətləri inkişaf etdirəcək layihələrin dəstəklənməsi, informasiya mübadiləsinin intensivləşdirilməsi, postpandemiya dövründə fəaliyyət və sair barədə fikir mübadiləsi aparılıb.
Diaspor rəhbərləri videokonfransların əhəmiyyətini qeyd edərək, davamlı olaraq keçirilməsinin zəruriliyini vurğulayıblar.