Rusiyalı professorun “Heydər Əliyev şəxsiyyəti: xatirələr” məruzəsi maraqla qarşılanıb
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda ölkəmizin ali təhsil müəssisələrindən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Fəlsəfə İnstitutundan, Türkiyə, Çin və Rusiyadan nümayəndələr iştirak ediblər.
Konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ümummilli lider Heydər Əliyevin həyat yoluna nəzər salıb, Ulu Öndərin uğurlu siyasətindən, dövlətçiliyimizin, ölkəmizin inkişafında göstərdiyi müstəsna xidmətlərdən danışıb.
Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru, professor Y.Qraçovanın “Heydər Əliyev şəxsiyyəti: xatirələr” məruzəsi maraqla qarşılanıb. O, təmsil etdiyi təhsil ocağının rəhbərliyinin Ulu Öndərlə dostluq münasibətlərindən danışıb. Qonaq Moskva Dövlət Hüquq Universitetinin bağlanma təhlükəsi yarananda dərin zəka sahibi Heydər Əliyevin onlara dəstək olduğunu böyük minnətdarlıq hissi ilə yada salıb. Y.Qraçova müdrik şəxsiyyət Heydər Əliyevin Moskva Dövlət Hüquq Universitetinin fəxri professoru olduğunu vurğulayıb və Ulu Öndərin fotolarının yer aldığı xatirə kitabını AzMİU-nun rektoruna təqdim edib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş ikicildlik monoqrafiyanı universitetin kitabxanasına hədiyyə edib.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, AzMİU-nun ictimai fənlər kafedrasının müdiri, dosent Könül Əliyeva və Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev Ümummilli Liderin həm sovet dönəmində, həm də müstəqillik illərində gördüyü böyük işlərdən söz açıblar.
Sonra konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib.