Rusiyalı qonaqlar Milli Kitabxanayla yaxından tanış olublar
Bakı, 25 oktyabr, AZƏRTAC
Milli Kitabxanada VI Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları Rusiya Milli Kitabxanasının “Kitabxana işləri üzrə” baş direktorun müavini Elena Valeryevna və Sankt-Peterburq Mədən Universitetinin “Rus dili və ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professoru Darya Alekseyevna ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlayaraq Azərbaycan və Rusiya Milli kitabxanaları arasındakı əməkdaşlıqdan söhbət açıb. Qonaqlar da öz növbəsində Azərbaycanda olduqları və VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etdiklərinə görə məmnunluqlarını ifadə ediblər.
Görüş zamanı Kərim Tahirov Xalq yazıçısı Elçinin “Мечта, жизнь, литература”, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitablarını və Bakının simvolu olan Qız qalası suvenirini qonaqlara hədiyyə edib.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqları kitabxana ilə tanış edib. Qonaqlar kitabxananın “Kitab fondlarının mühafizəsi”, “Oxuculara xidmət”, “Nadir kitablar və kitabxana muzeyi”, “Elektron resursların yaradılması”, “Not nəşrləri və səsyazmaları” və digər şöbələri ilə tanış olublar. Milli Kitabxanada gedən yenidənqurma işləri ilə tanış olan qonaqlar, avtomatlaşdırılma prosesinin dünya kitabxanaları səviyyəsində qurulduğunu qeyd edərək bu işi yüksək dəyərləndiriblər.
Milli Kitabxananın Elektron kitabxanası qonaqlarda xoş təəssürat yaradıb. Onlar Milli Kitabxananın oxu zallarında olarkən oxucuların sıxlığı qonaqların diqqətini çəkib və bunu Azərbaycanda kitaba, mütaliəyə marağın artması ilə əlaqələndiriblər. Qonaqlar, eyni zamanda, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da da olublar. Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan “Açıq kitabxana” layihəsi qonaqlarda xoş təəssürat yaradıb. Onlar bu layihənin yaranma tarixi ilə maraqlanıblar. Direktor müavini Ədibə İsmayılova “Açıq kitabxana” layihəsi haqqında qonaqlara ətraflı məlumat verib. Onlar belə bir layihənin öz kitabxanalarında da həyata keçirilməsini arzulayıblar. Qonaqlar “Açıq kitabxana” haqqında təəssüratlarını xatirə kitabında qeyd ediblər.
Sonda qonaqlarla xatirə şəkli çəkilib.