Rusiyalı rəssam soydaşımızın əsəri Ədəbiyyat Muzeyinə hədiyyə edilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Bu günlərdə rusiyalı soydaşımız, Sankt-Peterburq Repin adına İncəsənət Akademiyasının məzunu Kamilə Əhmədovanın yaratdığı rəsm əsərinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə verilməsi ilə bağlı danışıqlar aparılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Rusiyada böyüyüb təhsil almış Kamilə Əhmədova diplom işi mövzusu üçün “Seyid İmadəddin Nəsimi Şirvanşahlar sarayında” adlı rəsm əsərini yaradıb.
Azərbaycan mədəni irsinə töhfə vermək məqsədilə bu dövrü seçdiyini vurğulayan gənc rəssam əsərinin Bakıda – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunub saxlanmasını arzulayıb.
Akademik Rafael Hüseynovun Sankt-Peterburq İncəsənət Akademiyasının rektoru akademik Semyon Mixaylovskiyə ünvanladığı məktuba müsbət cavab alındıqdan sonra əsər Azərbaycana gətirilərək Ədəbiyyat Muzeyinin Elmi fondların mühafizəsi, tədqiqi və rəqəmsallaşdırılması şöbəsinin müdiri Nərmin Əliyeva tərəfindən təhvil alınıb.
Beləliklə, Ədəbiyyat Muzeyini ziyarət edən qonaqlar tezliklə böyük şair, filosof-alim Seyid İmadəddin Nəsiminin həyatına həsr olunmuş otaqda şairi Şirvanşahlar sarayı ilə bağlayan tarixi faktları dinləyə, gənc rəssam Kamilə Əhmədovanın mövzu üzrə yaratdığı nəfis tablonu seyr edə biləcəklər.