RUSİYANIN MÜDAFİƏ NAZİRİ SERGEY İVANOV QƏBƏLƏ RADİOLOKASİYA STANSİYASINDA OLMUŞDUR
Sergey İvanov əvvəlcə RLS-in qəbul mərkəzində olmuşdur. Analitik informasiya mərkəzi komanda məntəqəsinin rəisi stansiyanın vəziyyəti barədə məlumat vermişdir. Rusiya naziri növbədənkənar rütbələr almaları və medallarla təltif olunmaları münasibətilə zabitləri təbrik etmişdir.
Sonra nümayəndə heyəti ötürücü radiotexniki mərkəzə gəlmişdir. Xatırladaq ki, “Daryal” radiolokasiya stansiyasına 1400 Rusiya və 600 Azərbaycan vətəndaşı xidmət edir. Sergey İvanov hərbçilərin sosial həyatı ilə də maraqlanmış, hərbi şəhərcikdə olmuşdur. Nazir vurğulamışdır ki, şəhərcikdə vəziyyət yaxşıdır, heç bir problem yoxdur. S.İvanov bunda Azərbaycan rəhbərliyinin və müdafiə naziri Səfər Əbiyevin böyük xidməti olduğunu bildirmişdir. Şəhərcikdə həyatın qaydasında olmasını belə bir fakt da sübut edir ki, ötən il burada 56 körpə Rusiya vətəndaşı dünyaya gəlmişdir. Bu, Rusiyadakı doğum səviyyəsindən xeyli yüksəkdir. Deməli, burada yaşamaq üçün hər cür şərait yaradılmışdır.
Sonda Azərbaycanın və Rusiyanın müdafiə nazirləri jurnalistlər qarşısında çıxış etmişlər.
Sergey İvanov bildirmişdir ki, radiolokasiya stansiyası Rusiyanın kosmik qoşunlarına, Yaxın və Orta Şərq, Hind okeanının xeyli hissəsi daxil olmaqla, Asiya regionunun böyük ərazisində və hətta Afrika qitəsinin bir hissəsində qitələrarası ballistik və operativ-taktiki raketlərin mümkün buraxılışına nəzarət etməyə imkan verir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev demişdir ki, Sergey İvanovla birlikdə RLS-i təftiş etdik, Azərbaycana məxsus daşınmaz əmlakın və Rusiya Federasiyasının mülkiyyəti olan daşınan əmlakın vəziyyətindən razı qalmışıq. Tərəflərin iradları olmamışdır.
Həmin gün müdafiə naziri Sergey İvanov Ermənistana yola düşmüşdür.