Rusiyanın “Sputnik V” peyvəndinin ilk partiyası Filippinə çatdırılıb
Tokio, 1 may, AZƏRTAC
Mayın 1-də Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndinin ilk partiyası Filippinə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Prezidentinin kütləvi-informasiya vasitələri ilə əlaqələr idarəsi məlumat yayıb. Bildirilir ki, “Qatar Airways” aviaşirkətinə məxsus olan reys yerli vaxtla saat 15:44 dəqiqədə Manila beynəlxalq aeroportuna enib. Filippin hökumətinin bildirdiyinə görə, bu partiyadan sınaq məqsədilə istifadə ediləcək. Peyvəndin qalan partiyaları isə yaxın vaxtlarda ölkəyə gətiriləcək. Ümumilikdə Filippinin Rusiyadan həmin peyvəndin 20 milyon dozasını almaq istədiyi qeyd edilir.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Filippində koronavirusa yoluxanların ümumi sayı 1 milyon 40 min nəfəri ötüb. Onlardan 957 minin sağaldığı, 17 min 300 nəfərin isə həyatını itirdiyi bildirilir.
Filippin hökuməti “Sputnik V” peyvəndi ilə yanaşı, ABŞ-ın “Pfizer”, Britaniya-İsveç birgə müəssisəsinin məhsulu olan “AstraZeneca”, Çinin “Sinovac”, Hindistanın “Bharat” və “Johnson & Johnson” şirkətinin “Janssen” peyvəndlərinin istifadəsini də təsdiqləyib.
Bu ölkədə martın 1-dən başlayaraq tibb işçilərinə “SinoVac” peyvəndləri vurulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio