Sabirabadda Müstəqillik Günü qeyd edilib
Sabirabad, 27 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda Mədəniyyət Nazirliyinin dəstəyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olub.
Sabirabad rayonunda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşlarının, mədəniyyət işçilərinin, şagird və tələbələrin, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və məktəbin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək, Azərbaycanın müstəqillik uğrunda keçdiyi tarixi yoldan danışıb, həmçinin mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Müstəqillik tariximizi və milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədi ilə təşkil olunan tədbirin konsert hissəsində məktəbin istedadlı şagird və müəllim kollektivi tərəfindən klassik və milli musiqilər, rəqs nömrələri, müxtəlif çıxışlar təqdim edilib.
Sonra konsert proqramının yüksək səviyyədə təşkilinə, eləcə də mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.