Sabirabadda “Xaş-xaşın göz yaşı” tamaşası nümayiş olunub
Sabirabad, 19 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Bakı Uşaq və Gənclər Teatrının narkomaniya ilə mübarizəyə həsr olunmuş “Xaş-xaşın göz yaşı” tamaşası nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, narkomaniyanın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu bildirib, narkomaniya əleyhinə təbliğat məqsədilə səhnələşdirilən tamaşaya görə Bakı Uşaq və Gənclər Teatrının kollektivinə minnətdarlığını ifadə edib.
Teatrın direktoru, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan tamaşanın nümayişinin gəncləri narkomaniya haqqında məlumatlandırmaq, eləcə də maarifləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Daha sonra tamaşa izləyicilərə nümayiş olunub. Qeyd edək ki, real həyatdan götürülmüş hadisələrin əks olunduğu səhnə əsərində qoyulan problemlər bir qrup tələbə gəncin timsalında tamaşaçıya çatdırılır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.