Şağan tibb məntəqəsi yenidənqurmadan sonra istifadəyə verilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Xəzər rayonunun Şağan qəsəbəsində tibb məntəqəsi yenidənqurmadan sonra istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Xəzər rayon icra hakimiyyəti başçısının müavini Arif Balayev yeni, müasir səhiyyə obyektinin tikintisi və istifadəyə verilməsinə görə qəsəbə sakinlərini təbrik etmişdir. Demişdir ki, Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Bakı Baş Səhiyyə İdarəsinin müdiri Elmira Əliyeva, Milli Məclisin deputatı Rauf Əliyev son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tibb sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişlər. Vurğulanmışdır ki, Bakı və ətraf qəsəbələrin inkişafına dair dövlət proqramına uyğun olaraq hazırda Bakının kənd və qəsəbələrində yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunmasını həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılır.
Qəsəbə nümayəndəsi Təvəkkül Səlimov qəsəbə sakinləri adından onlara göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.
Daha sonra Şağan tibb məntəqəsinin açılışı olmuşdur. Bina ilə tanışlıq zamanı məlumat verilmişdir ki, qısa müddətdə aparılan yenidənqurma işlərindən sonra istifadəyə verilən bu səhiyyə ocağında yerli əhali ilə yanaşı, ətraf qəsəbə sakinlərinə də günün tələbləri səviyyəsində, keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Məntəqə müasir tibbi avadanlıq və inventarlarla təmin olunmuşdur.