Şagirdlər üçün Yay məktəbi başa çatıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Diplomatik Akademiyası (ADA) Universiteti və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib.
Dörd həftə davam edən yay məktəbində şagirdlərə ətraf mühitə vurulan ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerji əldə edilməsi və digər məsələlər barədə ətraflı məlumat verilib, müxtəlif mövzularda mühazirələr oxunub. Yay məktəbinin iştirakçıları, həmçinin təkrar emal müəssisələrində olub, onlar üçün müxtəlif intellektual oyunlar və ustad dərsləri təşkil edilib.
Bu barədə AZƏRTAC-a “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə çıxış edən ADA Universitetinin nümayəndəsi Nərgiz İsmayılova Yay məktəbinin universitetin təhsil standartlarına cavab verdiyini deyib və yeniyetmələrin maarifləndirici və əyləncəli düşərgədə faydalı biliklər əldə etdiyini bildirib. Qeyd edilib ki, şagirdlər üçün “Təmiz Şəhər” ASC-nin zavodlarına, Balaxanı Sənaye Parkına və “Tullantıdan sənətə” muzeyinə təşkil olunan ekskursiyalar yeniyetmələrin ətraf mühitin qorunması və tullantıların idarə olunması barədə biliklərini artırıb.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi Elmar Məlikov yay düşərgələrinin yeniyetmə və gənclər üçün əhəmiyyəti barədə danışıb. Onun dediyinə görə, gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsi sonralar səhmdar cəmiyyətində əmək fəaliyyətinə başlayıb.
Sonda Yay məktəbində iştirak edən 160 şagirdə sertifikat verilib.