Sağlam ailə möhkəm cəmiyyətin təməlidir
Qusar, 5 may, Elxan Yusifli, AZƏRTAC
Son onilliklər ərzində dünyada baş verən qlobal proseslər, o cümlədən demoqrafik tendensiyalar ailə strukturuna da təsirsiz ötüşməyib. Bununla belə əvvəllər olduğu kimi, indi də ailə cəmiyyətin özəyi hesab olunur. Dünyada qeyd edilən Beynəlxalq Ailə Günü ailələrlə bağlı problemlərin müzakirəsinə, sosial, iqtisadi və demoqrafik proseslərin fonunda onların həlli yollarını müəyyən etməyə imkan verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusar rayon Heydər Əliyev Mərkəzi və Qusar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Gününə həsr olunan “Sağlam ailə möhkəm cəmiyyətin təməlidir” mövzusunda keçirilən elmi-praktik konfransında bildirilib.
Pandemiya şərtlərinə uyğun təşkil edilən konfransdan əvvəl iştirakçılar "Qadınlar və çiçəklər" mövzusunda rayon qadınlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub, “Ailəmiz ən dəyərli xəzinəmizdir” adlı qısa videoçarxa baxıblar.
Tədbirdə Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qusar RİH İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rimma Şeydayeva konfransda Beynəlxalq Ailə Gününün təsis edilməsi, respublikamızda dövlət tərəfindən ailələrə göstərilən qayğı və onların sosial müdafiəsi barədə geniş məruzə edib. Bildirilib ki, müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən olunub. Ölkəmizdə qadın məsələlərinin dövlət səviyyəsinə qaldırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qadınların müxtəlif sahələrdə təmsilçiliyinin və cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə imzalanan fərman və sərəncamlar qadın hüquqlarının həyata keçirilməsi istiqamətində atılan vacib addımlardan olub.
Daha sonra Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanovanın “Ailə dəyərlərinin qorunub saxlanılmasında yaşlı və gənc nəslin dialoqu”, RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kamran Sədillayevin “Sağlam həyat tərzinin təbliği və ziyanlı vərdişlərin cəmiyyətdəki fəsadları”, Qusar şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasının direktoru Milyanə Zəkiyevanın “Uşaqların şəxsiyyət kimi inkişafında ailə tərbiyəsi”, Mərkəzi Rayon Xəstəxanasının Poliklinika Şöbəsinin müdiri Aybəniz Əfəndiyevanın “Erkən nikah və onun fəsadları”, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Zarina Apayevanın “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda bildirilib ki, ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də həssas qrupdan olan ailələrin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, onların firavanlığının təmin edilməsi, güclü ailələrin formalaşması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli məqsədilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Konfransın sonunda erkən nikah və ailə dəyərlərinə aid qısametrajlı iki film nümayiş olunub.