“Sağlam gələcək, idmanla gələcək” regional voleybol yarışının final oyununun qalibi müəyyənləşib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Sağlam gələcək, idmanla gələcək” gənclərin regional voleybol yarışı layihəsinin final oyunları keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, finalda ADPU-un Şəki, Cəlilabad və Ağcabədi filiallarının “Avangers”, “Cənub” və “Sabah” komandaları mübarizə aparıb.
Oyundan əvvəl çıxış edən Ağcabədi filialının direktoru, dosent Mətanət Fərzəliyeva bu yarışın təhsil müəssisələri arasında dostluq münasibətlərinin qurulmasına müsbət təsir göstərəcəyini bildirib. O, “Sağlam gələcək, idmanla gələcək” layihəsinin gənclərin regional inkişafına və ADPU-nun filialları arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini söyləyib.
Yarışda Ağcabədi filialının “Sabah” komandası qalib olub. Qalib komandaya kubok, sertifikat və pul mükafatı verilib. Digər komandalar isə sertifikatlara layiq görülüblər.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin müəllifi Ağcabədi filialının tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Xaliq Abbasovdur.