“Sağlam təhsil- sağlam millət” layihəsi çərçivəsində 33 məktəbin birinci sinfinə qeydiyyat aparılır
Bakı, 10 iyun, AZƏRTAC
2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə “Sağlam təhsil-sağlam millət” layihəsi 39 məktəb üzrə 170 sinifdə 4 minə yaxın şagirdi əhatə edib. Layihə növbəti tədris ilində də davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci tədris ili üçün “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı şəhəri üzrə 33 məktəbin birinci sinfinə qeydiyyat aparılır.
Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.
Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığının təmin edilməsi məqsədilə əmr imzalayıb.