Şahin Bağırov: Gömrük işinin təşkilində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır
Bakı, 15 oktyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Avropa Regional Ofisinin yeni rəhbəri Narynkul Tagainazar ilə görüşüb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Narynkul Tagainazarı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Şahin Bağırov gömrük işinin təşkilində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını, bu istiqamətdə region ölkələri arasında əlaqələrin gücləndirilməsi və koordinasiyasında ÜGT-nin regional ofisinin mühüm rol oynadığını vurğulayıb.
DGK ilə ÜGT arasındakı səmərəli əməkdaşlıqdan bəhs edən Şahin Bağırov ölkəmizdə gömrük işinin müasir çağırışlara uyğun şəkildə qurulmasını, gömrük inzibatçılığının təkmilləşdirilməsi məqsədilə mühüm addımların atıldığını, bu istiqamətdə ÜGT-nin alətlərindən, tövsiyələrindən davamlı istifadə olunduğunu diqqətə çatdırıb.
Narynkul Tagainazar ÜGT-nin Bakı şəhərindəki Avropa Regional Ofisinin fəaliyyətinə göstərdiyi dəstəyə görə DGK-nın rəhbərliyinə minnətdarlığını ifadə edib, əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib.
Görüşdə ÜGT-nin Bakı şəhərindəki Avropa Regional Ofisinin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrin inkişafının zəruriliyi vurğulanıb.