“Şahinlər” hərbi-idman oyununun Bakı üzrə zona mərhələsinin qalibləri mükafatlandırılıb
Bakı, 7 may, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahinlər” hərbi-idman oyununun Bakı üzrə zona mərhələsi keçirilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Niyaz Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, “Şahinlər” hərbi idman oyununun komandanı Yaşar Abbasov, iştirakçı komandaların üzvləri iştirak ediblər.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini diqqətə çatdırıb, Azərbaycan gənclərinin hər zaman torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını vurğulayıblar.
İdarənin rəisi R.Abbasov “Şahinlər” hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaqdan, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarət olduğunu vurğulayıb. O, Azərbaycanda güclü, intellektual və hər an düşməni məhv edə biləcək cəsur gənclik yetişdiyini diqqətə çatdırıb. Baş İdarə rəisi gənclərimizdə Vətən sevgisinin yüksək olduğunu, onların topraqlarımızın işğaldan azad edilməsi üçün döyüşə hazır olduqlarını qeyd edib. R.Abbasov Aprel döyüşlərində Azərbaycan hərbçilərinin göstərdikləri rəşadət və tarixi qələbənin bunun sübutu olduğunu vurğulayıb.
Çıxışlar başa çatandan sonra yarışların hakimi baş hakimə məruzə edib və komandalar bacarıqlarını nümayiş etdiriblər. İlk mərhələdə komandalar təntənəli marşla sıra addımı ilə hərəkət ediblər. Sonra komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması mərhələləri üzrə mübarizə aparıblar.
Yarışda Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı, Şuşa və Laçın komandaları da iştirak ediblər. Nəticələrə görə, I yerə Suraxanı rayonu 285 saylı orta məktəb, II yerə Yasamal rayonu 20 nömrəli məktəb-lisey, III yerə isə Binəqədi rayonu 100 nömrəli tam orta məktəb layiq görülüblər. Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.