Şahmat üzrə dünya kuboku yarışlarının birinci dövrəsinin bütün cütlükləri məlum olub
Bakı, 21 avqust, AZƏRTAC
Dünya Şahmat Federasiyası (FİDE) sentyabrın 10-da Bakıda start götürəcək dünya kuboku yarışlarının birinci dövrəsində qarşılaşacaq şahmatçıların adlarını açıqlayıb. Turnirdə şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen və sabiq dünya çempionu, hindistanlı Vişvanatan Anand istisna olmaqla planetin bütün ən güclü şahmatçıları iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, turnirə 128 şahmatçı qatılacaq. Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Birinci dövrədə Teymur Rəcəbov Samuel Sevyan (ABŞ), Şəhriyar Məmmədyarov Pouya İdani (İran), Qədir Hüseynov Maksim Matlakov (Rusiya), Vasif Durarbəyli Le Quanq (Vyetnam), Rauf Məmmədov Yevgeni Nayer (Rusiya), Eltac Səfərli isə Ksaba Baloq (Macarıstan) ilə qarşılaşacaqlar.
Qalib iki partiyanın yekunlarına görə müəyyən olunacaq və növbəti raunda vəsiqə qazanacaq. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcəklər. Dünya Kubokunun qalibi və finalçısı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaq. Hər iştirakçıya 40 gediş üçün 90, oyunun qalan hissəsi üçün 30 dəqiqə, hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq. İki partiya başa çatandan sonra nəticə heç-heçədirsə, onda rəqiblər vaxt nəzarəti 25+10 olmaqla iki partiya oynayacaqlar. Nəticə yenə də heç-heçə olsa iki partiya (10+10), daha sonra iki partiya (5+3) oynanılacaq. Əgər bundan sonra da üstünlük əldə olunmazsa, onda “Armageddon” deyilən həlledici partiya oynanılacaq.