SALYAN OLİMPİYA MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ
Əvvəlcə Salyan Olimpiya Mərkəzinin tikildiyi yerə gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmətlə qarşıladılar. Dövlətimizin başçısı obyektin layihəsi ilə yaxından tanış oldu, inşaat işlərinin gedişi ilə maraqlandı. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verərək dedi ki, təməli 2005-ci ilin sentyabrında qoyulmuş Olimpiya mərkəzinin tikintisi gələn ilin iyun ayınadək başa çatdırılacaqdır. Smeta dəyəri 3 milyon manat olan obyektdə tikinti işlərini “Nurgün” İnşaat Şirkəti həyata keçirir. Bildirildi ki, Salyan rayonunda idmanın əsasən futbol, voleybol, basketbol, güləş növləri inkişaf etmişdir. Olimpiya mərkəzinin tikilməsi rayonda idmanın inkişafına təkan verəcəkdir. Olimpiya mərkəzində idman sarayı, üzgüçülük hovuzu, mehmanxana binası, kotteclər, voleybol meydançası, tennis kortu, istirahət guşəsi, basketbol, kiçik futbol meydançaları və s. olacaqdır.
Nazir xatırlatdı ki, indiyədək ölkəmizdə 10 olimpiya kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda 4 rayonda – Ağdam, Qazax, Qusar və Salyanda tikinti işləri aparılır. 2007-ci ildə 13 rayonda, 2008-ci ildə isə daha 13 rayonda tikiləcək idman komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Beləliklə, 2008-ci ilin sonuna qədər ölkəmizdə belə komplekslərin sayı 40-a çatacaqdır.
Prezident İlham Əliyev Salyan Olimpiya Mərkəzinin tikintisi, o cümlədən dünya standartlarına uyğun gəlməsi barədə müvafiq tövsiyə və tapşırıqlarını verdi.