Salyan rayonunda “Şahin” hərbi idman oyunu üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Bakı, 4 aprel, AZƏRTAC
Salyan rayon gənclər və idman idarəsi tərəfindən “N” saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Aprel döyüşlərində şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Salyan rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov çıxışında dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindən, onların milli ruhda yetişdirilməsinin vacibliyindən söz açıb. Bildirib ki, “Şahin” hərbi-idman oyununun məqsədi böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri ordu sıralarında xidmətə hazırlamaq, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərini gücləndirməkdir.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Salyan rayon bölməsinin sədri Vilayət Əsgərov, “N” saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini, mayor Xeyrulla Hüseynov, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin mülki-müdafiə işinin təşkili şöbəsinin zabiti, kapitan İdris Rzayev və digərləri çıxışlarında bildiriblər ki, gənclərin məktəb yaşlarından yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi olduqca vacibdir. Belə kütləvi tədbirlər bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına xidmət edir.
Çıxışlardan sonra dövlət himni səsləndirilib, yarışlara start verilib.
Yarışda rayonun 20 məktəb komandasının tərkibində 280 şagird iştirak edib.
Yarışın nəticəsinə əsasən Aşağı Noxudlu kənd tam orta məktəbin komandası qalib adını qazanıb. Şəhər 2 saylı tam orta məktəbin komandası ikinci, Yuxarı Xalac-2 kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri və fərqlənmiş komandalar Salyan rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla təltif edilib.
Qalib Aşağı Noxudlu kənd tam orta məktəbin komandası zona yarışında Salyan rayonunu təmsil etmək hüququ qazanıb.