“SALYAN” YARDIMÇI STANSİYASININ TƏMƏLQOYMA MƏRASİMİ
Avqustun 10-da Salyan rayonunda gücü 220 MVA olacaq “Salyan” yardımçı stansiyasının təməli qoyulmuşdur.
Buraya toplaşan inşaatçılar Prezident İlham Əliyevi hərarətli alqışlarla qarşıladılar.
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev yardımçı stansiyanın sxemi barədə dövlətimizin başçısına ətraflı məlumat verərək bildirdi ki, tikinti gələn il başa çatdırılacaqdır. İranın İxrac İnkişaf Bankı tərəfindən maliyyələşdirilən bu obyekt hazır olduqdan sonra Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının elektrik enerjisinə olan tələbatı tam ödəniləcəkdir. Regionların sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulan yardımçı stansiyada tikinti işlərini “Azenko” şirkəti həyata keçirir. Tikintidə yerli mütəxəssislərdən və işçi qüvvəsindən də istifadə olunur.
Prezident İlham Əliyev yardımçı stansiyanın çox əhəmiyyətli olduğunu vurğuladı, bunun işə düşməsindən sonra bölgənin elektrik enerjisi ilə tam təmin ediləcəyini bildirdi.
Sonra dövlətimizin başçısı gilizi təmələ qoyaraq, ilk beton qarışığını tökdü, bu yardımçı stansiyanın xeyirli və uğurlu olmasını arzuladı.