SALYANDA 9 MAY - QƏLƏBƏ GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 9-da Salyanda Qələbə günü münasibətilə rəngarəng tədbirlər keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri, müharibə və əmək veteranları əvvəlcə 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə gəlmişlər. Müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov veteranları əlamətdar hadisə münasibətilə təbrik etmiş, tarixi qələbənin təmin olunmasında Azərbaycanın və azərbaycanlıların fəal iştirakını konkret faktlarla nəzərə çarpdırmış, faşizmin antibəşəri mahiyyətini açıqlamış, ölkə rəhbərliyinin Böyük Vətən müharibəsi iştirakçılarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə müfəssəl məlumat vermişdir.
1941-1945-ci illər Böyük Vətən müharibəsi qurbanlarının xatirə abidəsi və salyanlı Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşovun büstü önünə əklil və gül dəstələri qoyulmuşdur.
Tədbirdə çıxış edən veteranlar onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə respublika hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Mərasim sonra “Büllur” şadlıq sarayında bayram süfrəsi ətrafında davam etdirilmişdir. Veteranlara qiymətli hədiyyələr və rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.