Salyanda fiziki məhdudiyyətli şəxslərin rəsm əsərləri və əl işləri nümayiş olunub
Salyan, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayon Heydər Əliyev Mərkəzində 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə “Birlikdə ümid qalalarını quraq” adlı tədbir keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər fiziki məhdudiyyətli şəxslərə göstərilən dövlət qayğısından bəhs edərək, onlara dəstək olmağın vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində açılan sərgidə fiziki məhdudiyyətli şəxslərin hazırladığı 100-dən çox rəsm əsəri, əl işi və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub, həmçinin Mədəniyyət Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri təqdim edilib.