Şamaxı Təcrübə Stansiyasında nadir üzüm sortları artırılır
Bakı, 10 iyun, AZƏRTAC
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında “Mərəndi və Mədrəsə üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı klon formalarının seçilməsi və artırılması” mövzusunda tədqiqat işləri, onların artırılması məqsədilə yeni üzüm bağlarının salınması işləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mədrəsə və Şamaxı mərəndisi sortlarının bioloji, genetik baxımdan təmiz formalarının seçilib artırılması, gələcəkdə fillokseraya davamlı calaq ting istehsalı üçün calaqüstü materialların istehsalı məqsədilə aprobasiya aparılıb və çubuq tədarük olunub. Hazırda Şamaxı Təcrübə Stansiyasında Mədrəsə üzüm sortundan 35 min ədəd bioloji təmiz çubuq tədarük olunub və ondan 1,5 hektar sahədə üzüm bağı və 1 hektarda tinglik salınıb. Bununla yanaşı, təcrübə təsərrüfatında yeni yaradılmış və dövlət reyestrinə daxil edilmiş “Şamaxı hədiyyəsi” sortunun da seleksiya, qiymətləndirilmə və çoxaldılma işləri davam etdirilir. Təsərrüfatın əməkdaşları tərəfindən Mədrəsə sortunun inkişafı məqsədilə bölgənin torpaq-iqlim şəraiti, becərmə, texnika və texnologiyaların xüsusiyyətləri nəzərə alınaraq bağ 3,0x1,5 m əkin sxemi ilə əkilib.
Mədrəsə sortundan salınan üzüm bağından gələcəkdə fillokseraya davamlı calaq-əkin materialının istehsalı üçün çubuq tədarükü nəzərdə tutulur. İstehsal olunan tinglər isə fermerlərə tövsiyə ediləcək.