Samir Cavadzadə: gənc həkimlərin inkişafında bu cür tədbirlərin böyük əhəmiyyəti var
Bakı, 4 may, Əziz Məmmədov, AZƏRTAC
Milli Onkologiya Mərkəzinin, Azərbaycan Uroloqlar Assosiasiyasının və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə dəstəyi ilə keçirilən Azərbaycan uroloqlarının birinci beynəlxalq konqresində Almaniya, Türkiyə, Rusiya, Moldova, Qazaxıstan, Gürcüstan və Belarusdan tanınmış ekspertlər iştirak edirlər. Avropa Urotexnologiyalar Cəmiyyətinin (ESUT) sədri, professor Yens Rassvayler (Almaniya), Avropa Uroloqlar Assosiasiyasının urolitiaz seksiyasının (EULIS) sədri, professor Kamal Sarıca (Türkiyə) və başqaları dəvət edilənlər arasındadır. Onlar müasir urologiyanın aktual problemlərinə dair məruzə edəcək, konqres iştirakçılarını maraqlandıran suallara cavab verəcəklər. Xarici ekspertlər ilə təcrübə mübadiləsi, praktiki məsləhətlər, bu və ya digər xəstəliklərin yeni müalicə metodları ilə tanışlıq Azərbaycanda tibb elminin, o cümlədən urologiyanın inkişafında böyük rol oynayacaq. Bundan əlavə, gənc həkimlərin inkişafında, onların müasir tibbi yeniliklər barədə məlumatlandırılmasında bu növ tədbirlərin böyük əhəmiyyəti var.
Bu barədə AZƏRTAC-a müsahibəsində konqres iştirakçılarından biri, Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavadzadə məlumat verib.
Milli urologiyanın inkişafına toxunan S.Cavadzadə bildirib ki, Azərbaycanda başqa sahələr kimi urologiya da sürətlə inkişaf edir. O deyib: “Səhiyyənin inkişafı Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin uğurlu olmasını sübuta yetirən nümunələrdən biridır. Dövlət başçımızın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bu sahədə mühüm qanunvericilik aktları, dövlət proqramları və digər əhəmiyyətli sənədlər qəbul edilib. Son vaxtlar səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, yeni tibb texnologiyalarının tətbiqi, əsaslı kadr islahatları və s. kimi tədbirlər görülür. Məsələn, Respublika klinik uroloji xəstəxanası yenidənqurmadan sonra müasir tələblərə cavab verən tibbi müəssisəyə çevrilib. Bütün bunlar yerli səhiyyənin dünya standartlarına müvafiq inkişafına, dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sisteminə inteqrasiyasına, habelə Azərbaycan səhiyyəsinin beynəlxalq miqyasda təsirinin nəzərəçarpacaq dərəcədə artmasına təminat yaradır.