İQTİSADİYYAT
“Samux Aqroenerji kompleksi” dünyada analoqu olmayan nadir layihədir

Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycanın ümumi enerji balansında alternativ və bərpa olunan enerjinin payı günəş, külək, kiçik çaylardan alınan enerji ilə birlikdə 2 faizə yaxındır.
AZƏRTAC xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində demişdir.
Akim Bədəlov bildirmişdir ki, bu ildən etibarən Azərbaycanda 2020-ci ilədək nəzərdə tutulan “Alternativ enerji mənbələrinin inkişafı strategiyası”nın tətbiqinə başlanmışdır. Gələn ilin ortalarından alternativ enerjinin satışı və subsidiyalaşdırılması üçün diferensial tariflər tətbiq ediləcəkdir. Bununla da alternativ enerji tarifləri ölkənin əraziləri və istehsal mənbələrindən asılı olaraq dəyişəcəkdir. İnkişaf strategiyasının start layihəsi “1000 ev - 1000 elektrik stansiyası” layihəsi isə Samux rayonunda həyata keçiriləcəkdir. Artıq “Samux Aqroenerji kompleksi”nin tikintisi başlanmışdır.
Dövlət tərəfindən layihənin icrasına 10 milyon manat vəsait ayrıldığını bildirən A.Bədəlov məlumat vermişdir ki, rayonun Sarıqamış kəndi yaxınlığında tikilən iri aqroenergetika kompleksi burada enerjiyə olan tələbatı tamamilə alternativ enerji mənbələri hesabına təmin ediləcəkdir. Böyük iqtisadi layihə olan Samux aqroenerji kompleksinin ümumi elektrik istehsal gücünün 16 meqavat olacağı planlaşdırılır. Kompleksdə müxtəlif alternativ enerji mənbələrindən istifadə olunacaqdır. Daha sonra istixanalar üçün günəş elektrik stansiyalarının qurulması planlaşdırılır. Həmçinin ərazidə fermaların, əkinçilik, bağçılıq, balıqçılıq, quşçuluq təsərrüfatlarının yaradılması istiqamətində layihələr hazırlanır.
Bu nadir layihənin dünyada ilk dəfə Azərbaycanda tətbiq olunduğunu vurğulayan A.Bədəlov demişdir ki, Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməkdə əsas məqsədi, Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyada bu sahəyə ölkəmizin töhfəsini verməkdir. Məhz Azərbaycanda dünyada analoqu olmayan ilk Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi tikilmişdir və artıq üç ildir fəaliyyət göstərir.