REGİONLAR
Samux rayonunda ilk dəfə yetişdirilən baramanın tədarükünə başlanılıb
Samux, 11 iyun, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Samuxda da kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, rayon üçün qeyri-ənənəvi, lakin daha gəlirli hesab edilən sahələrin yaradılmasına diqqət artırılıb. Artıq Samuxda ilk dəfə yetişdirilən baramanın tədarükünə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samux rayonu üzrə hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılmasından sonra 30 ailə cəmi 50 qutu olmaqla ilk dəfə barama yetişdirib.
Bununla da, rayon üzrə 90 nəfər mövsümü işlə təmin olunub.
Kümçülər bildiriblər ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində onlar əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azəripək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.