SANKT-PETERBURQDA “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI-MOSKVA” FİLİALININ AÇILMASININ BEŞ İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev tədbir iştirakçılarına müraciətlə ABB-nin inkişafının əsas mərhələləri və onun beynəlxalq bank sisteminə uğurlu inteqrasiyası, həm Rusiyada, həm də xarici ölkələrdə öz fəaliyyətini genişləndirməsi barədə məlumat verdi. Rəsmi şəxslərin və qonaqların təbrikləri səsləndi. Çıxış edənlər ABB-nin Rusiya ərazisindəki filiallarının fəaliyyətinin əhəmiyyətini, iki ölkənin daha sıx iqtisadi inteqrasiyasında onların rolunu vurğuladılar. “ABB-Moskva”nın yaranması tarixindən və fəaliyyətindən bəhs edən film-xronika nümayiş etdirildi.
Yubiley tədbiri rus romansının ən yaxşı ifaçısı Larisa Lusta, Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Sədi Sədiyev, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, Rusiyanın əməkdar artisti Alyona Sviridova və Bakının “Cəngi” estrada-folklor ansamblının iştirak etdiyi zəngin konsert proqramı ilə müşayiət olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan “ABB-Moskva” RF ərazisində fəaliyyətini 100 faiz Azərbaycan kapitalı əsasında həyata keçirən ilk və yeganə bankdır. Azərbaycan hökumətinin dəstəyi ilə yaradılmış bankın açılışında Azərbaycanın ümummilli lideri Heydər Əliyev iştirak etmişdi. “ABB Moskva” Rusiyada xarici kapitala əsaslanan MDB banklarının birincisidir.