Şanlı tarixə malik Azərbaycan ədliyyəsi bu gün öz inkişaf yolunu uğurla davam etdirməkdədir
Bakı, 19 noyabr, AZƏRTAC
Demokratik və hüquqi dövlət quruculuğu prosesində təkmil, səlahiyyətləndirilmiş, güclü ədliyyə sistemi məxsusi yer tutur. Bu gün hüquqi dövlət quruculuğu yolunda uğurlu addımlar atan və dünya birliyinə sürətlə inteqrasiya edən ölkəmizdə effektiv ədliyyə sistemi hüquq institutlarının formalaşması, inkişafı və təkmilləşməsi kimi mühüm missiyanı yerinə yetirməklə yanaşı, ədliyyə orqanlarının uzun illər ərzində keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol da çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir.
Bu barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva AZƏRTAC-da təqdim etdiyi yazısında bildirib.
O qeyd edib ki, müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanıb. Belə ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb, yeni formalaşdırılan hökumət ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verərək öz işinə ilk növbədə ədalət mühakiməsinin təşkili ilə başlayıb. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri müəyyən olunub, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında Azərbaycan ədliyyəsinin müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən tarixi yazılmağa başlanıb.
Nazirlik işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, ədliyyənin formalaşdırılması istiqamətində inamlı addımlar atılıb, sahə ilə bağlı idarələr, məhkəmələr təsis olunub, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq, kadr potensialının gücləndirilməsi üçün qısamüddətli kurslar fəaliyyətə başlayıb. Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar 1919-cu ildə Ədliyyə Nazirliyinin tabeliyinə verilib, həbsxana binalarının bərpası, məhkumların ərzaq və ən zəruri ləvazimatla təchiz olunması məqsədilə müvafiq işlər görülüb, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb.
Lakin ədliyyə sahəsində atılan bu addımlar uzunömürlü olmayıb, 1920-ci il aprelin 27-də Azərbaycan sovet Rusiyasının təcavüzünə məruz qaldıqdan sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılıb, səlahiyyətləri xeyli məhdudlaşdırılıb, iki dəfə ləğv olunaraq yenidən təsis edilib və bir müddət ədliyyə qurumlarının funksiyalarını digər orqanlar icra edib. Ədliyyə sisteminin müxtəlif vaxtlarda sabit funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətməklə sistemdəki bu durğunluq 1970-ci ilə qədər davam edib.
Ölkəmizdə ədliyyə sisteminin yenidən və əsaslı surətdə təsis edilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, ədliyyənin də inkişafında mühüm rol oynayıb, dahi öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1970-ci il oktyabrın 27-də onun əzmkarlığı nəticəsində Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi bir qurum kimi yenidən təşkil olunub, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlayıb. Həmin dövrdə Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ədliyyə işinin gələcək inkişafı üçün zəmin yaranıb.
1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra da ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri ədliyyə orqanlarının səmərəli fəaliyyətini təşkil etmək və bu sahədə məqsədyönlü, islahat xarakterli tədbirlər həyata keçirmək olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən sistemli tədbirlər sayəsində mühüm nəticələr və nailiyyətlər əldə edilib. Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Heydər Əliyev “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” deyərək qanunun aliliyini əsas meyar kimi müəyyənləşdirib, insanlara hüquqi xidmətin yaxşılaşdırılmasını əsas prioritetlərdən biri kimi müəyyən edib. Ulu öndər Heydər Əliyev haqlı olaraq bəyan etmişdir ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Həqiqi mənada möhkəm ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən başlıcası, hüququn aliliyi yüksək səviyyədə təmin olunur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Ədliyyəsinə göstərdiyi yüksək etimadın, xüsusi diqqət və qayğının bariz təzahürü ədliyyə işçilərinin peşə bayramı gününün müəyyənləşdirilməsidir. Belə ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib və bu Sərəncam ədliyyə işçilərinə verilən ən yüksək qiymət olmaqla yanaşı, tarixi irsin qorunmasına xidmət edib.
Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin təşəbbüsü ilə başlanan hüquqi dövlət quruculuğu, məhkəmə-hüquq islahatları prosesi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu özünəməxsus şəkildə davam etdirən Prezident İlham Əliyev hüquqi, sivil, demokratik dövlətin daha möhkəm hüquqi baza əsasında bərqərar olunmasını prioritet vəzifə kimi qarşıya qoyub. Məhkəmə hakimiyyətinin müstəqilliyinə real təminatlar verən, məhkəmə sistemində fəaliyyətin ən müasir tələblər səviyyəsinə qaldırılmasını ön plana çəkən dövlətimizin başçısı İlham Əliyev möhkəm siyasi iradə nümayiş etdirərək dahi öndər Heydər Əliyevin təməlini qoyduğu islahatları yeni inkişaf mərhələsində yüksək əzmlə və yeni dövrün gerçəkliklərinə uyğun davam etdirərək ədliyyə orqanlarının inkişafında misilsiz xidmətlər göstərib. Dövrün tələbinə uyğun olaraq vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək bu gün dövlət siyasətinin başlıca istiqamətinə çevrilib.
Prezidentimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin normativ-hüquqi əsasları təkmilləşdirilib, Prezidentin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə nazirliyin yeni Əsasnaməsinin təsdiq olunması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanununun qəbul olunması və dövlətimizin başçısı tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərmanının imzalanması ilə ədliyyə orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi baza tamamilə yeniləşib. Son illər Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilib və nazirliyin üzərinə yeni vəzifələr qoyulub. Bununla da demokratikləşən cəmiyyətimizdə Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrilib və onun hüquqi dövlət quruculuğunda rolu artıb.
Dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanla cəmiyyətin məhkəmələrə inamının daha da artırılması, hər kəsin qanun qarşısında bərabərliyi, cəza siyasətinin yumşaldılması, sahibkarların məhkəməyə müraciətlərinin asanlaşdırılması, həmçinin məhkəmələrin müstəqilliyinin və digər məsələlərin təmin edilməsi Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar qarşısında vəzifə kimi qoyub. Bu mühüm sənədin icrası ilə əlaqədar indiyədək bir sıra qanunvericilik, institusional və praktiki tədbirlər görülmüş, yeni ixtisaslaşdırılmış məhkəmələr yaradılıb, eyni zamanda, məhkəmə fəaliyyətinin avtomatlaşdırılması nəticəsində hüquqi xidmətlərə əlçatanlıq, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün elektron imkanlar asanlaşdırılıb, o cümlədən şəxsi kabinetin, elektron müraciətin fəaliyyəti genişləndirilib. Şübhəsiz ki, bütün bu uğurlu, sistemli və ardıcıl işin nəticəsində Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrə inam artıb.
Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atıb. Ölkə rəhbərinin bu sahəyə xüsusi diqqəti Azərbaycan ədliyyəsinə böyük etimadının və yüksək qayğısının təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanır, onlar Ulu Öndərin müəyyənləşdirdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində Prezidentimizə yardımçı olmağı özlərinin peşə vəzifəsi və vətəndaşlıq borcu sayırlar.