“Science.gov.az” veb-portalı Azərbaycan elminin carçısıdır
Bakı, 19 fevral, AZƏRTAC
Bu gün Azərbaycan elmi yeni bir istiqamətdə inkişaf edir. Prioritet mövzularda dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, alimlərimizin dünyanın tanınmış elmi bazalarında, nüfuzlu beynəlxalq jurnallarında təmsil olunması müasir elmimizin əsas xüsusiyyətləridir. Bu istiqamətdə ən öndə gedən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmin inkişafını bütövlükdə ölkənin inkişafına təkan verən amil kimi qiymətləndirir. AMEA 1945-ci ildən etibarən Azərbaycanda elmi və elmi-texniki siyasəti həyata keçirən ali dövlət orqanıdır. Akademiya ölkə üzrə bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir və istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir.
AMEA Azərbaycanda qədim tarixi və böyük ənənələri olan elmin sistemli şəkildə inkişaf etdirilməsi yolunda çətin və şərəfli yol keçibdir. Bu gün ölkə alimləri beynəlxalq miqyasda keçirilmiş elmi konfrans, simpozium və qurultaylarda Azərbaycan elmini layiqincə təmsil edirlər. Ölkədə hər il müxtəlif elm sahələrinə, yeni mövzulara həsr olunmuş beynəlxalq səviyyəli tədbirlərdə aktual problemlər müzakirə olunur. Azərbaycan alimlərinin nailiyyətlərini əks etdirən əsərlər dünyanın nüfuzlu nəşriyyatlarında və impakt faktorlu jurnallarında dərc olunur. Ölkəmizdə beynəlxalq standartlara cavab verən yüksək istinad indeksli elmi jurnalların nəşrinə nail olunması son illərin mühüm nailiyyətlərindəndir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsinin elektron informasiya şöbəsinin rəis müavini Nərgiz Qəhrəmanova deyib.
Bildirib ki, müasir dövrümüzdə qeyd olunan tədbirlərin işıqlandırılması, akademiyanın elmi müəssisə və təşkilatlarının fəaliyyəti haqqında xəbərlərin hazırlanması, elmi biliklərin təbliği, əldə olunan uğurların ölkə və dünya ictimaiyyətinə çatdırılması vacib məsələlərdəndir. Bu mənada AMEA-nın rəsmi veb-portalı olan “science.gov.az”ın fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu resurs Azərbaycanın ilk veb-portalı olaraq www.ab.az adı ilə 1995-ci ildən fəaliyyətə başlayıb və ölkədə fəaliyyət göstərən internet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardandır. Portal, həmçinin ölkə Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də akademiyanın dövri nəşrləri ilə bağlı məlumat əldə etmək üçün əvəzsiz mənbədir. Burada akademiyanın bütün struktur bölmələri, həqiqi və müxbir üzvləri, institut və təşkilatlarında çalışan elmlər və fəlsəfə doktorları haqqında geniş informasiya əldə etmək mümkündür. “Science.gov.az”da mütəmadi olaraq Azərbaycanın nüfuzlu alimlərinin həyat və fəaliyyətinə, elm sahəsində əldə etdikləri nailiyyətlərə dair məlumatlar, onların yubileyləri ilə bağlı məqalələr yerləşdirilir. Həm də böyük bir multimedia qalereyası olan www.science.az-da AMEA tərəfindən keçirilən konfrans, seminar, görüş və digər tədbirlərdən çəkilən minlərlə fotoşəkillər öz əksini tapır.
Diqqətə çatdırılıb ki, bu gün “science.gov.az”da fəaliyyət göstərən peşəkar mütəxəssislər ölkənin elmi-ictimai həyatının dəqiq, dolğun və obyektiv şəkildə işıqlandırılması yönündə fəaliyyət göstərərək, alim və mütəxəssislərin nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradırlar. Təkcə AMEA deyil, həm də respublika və dünya elmi ictimai mühitində baş verən yeniliklər portalın əməkdaşları tərəfindən operativ əldə edilərək cəmiyyətə ötürülür. Burada əksini tapan məlumatlar daim yenilənir, təkmilləşdirilir və genişləndirilir. “Science.gov.az” gənclərin elmə cəlb olunması, onların AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərlə əlaqələrinin təşkili baxımından da mühüm vasitədir. Belə ki, veb-portalda mütəmadi olaraq gənclər üçün nəzərdə tutulmuş müsabiqələr, müxtəlif formatlı görüşlər, respublika və beynəlxalq səviyyəli tədbirlərlə bağlı elanlar verilir.
N.Qəhrəmanova qeyd edib ki, portalın mühüm xüsusiyyətlərindən biri də burada Azərbaycan elminin populyarlaşdırılması məqsədini daşıyan İnternet-televiziya - “ElmTV”nin fəaliyyət göstərməsidir. Burada AMEA-nın elmi müəssisə və təşkilatlarında keçirilən tədbirlər, görüşlər, o cümlədən görkəmli alimlərin fəaliyyəti haqqında videoreportaj və videoçarxlar hazırlanır. “Science.gov.az”ın 3 dildə fəaliyyət göstərməsi bu portalda yerləşdirilən mühüm məlumatların bütün dünyaya təqdim olunmasına imkan verir. Hər il müxtəlif ölkələrdən portala yüzlərlə müraciətlər edilir. Beləliklə, “science.az” AMEA-da fəaliyyət göstərən alimlərin dünyanın tanınmış elmi qurumları ilə əlaqələr yaratması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də kadr və təcrübə mübadiləsinin aparılması üçün vasitəçi rolunu oynayır. Azərbaycan elminin işıqlandırılması istiqamətində fəaliyyət göstərdiyi 24 il ərzində “science.az” portalı bütün ölkə üzrə ən dəyərli və etibarlı məlumat mənbələrindən birinə çevrilib. AMEA-nın fəaliyyətinin yüksək səviyyədə təbliği istiqamətində işini uğurla davam etdirən bu resurs, həm də ölkəmizdə ilk internet-jurnalistika məktəbidir.