Sədaqət Vəliyeva: Azərbaycan-Britaniya münasibətləri regional kontekstdə mühüm əhəmiyyət kəsb edir
Bakı, 27 aprel, AZƏRTAC
Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıyıb və həmin dövrdən iki ölkə arasında əməkdaşlıq münasibətləri qurulub. Lakin əlaqələr ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən və yeni neft strategiyasının həyata keçirilməsindən sonra inkişaf etməyə başlayıb. Təsadüfi deyil ki, Böyük Britaniyanın BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, qardaş Türkiyədən sonra Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Britaniya İkinci Dünya müharibəsinin səkkiz qalib dövlətindən biri kimi bu gün BMT Təhlükəsizlik Şurasının daimi və “Böyük səkkizlər”in üzvüdür. Böyük Britaniya dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir və inkişaf etmiş ölkələr arasında kapital ixracatına görə dünyada üçüncüdür. Əlbəttə ki, müstəqillik yaşı 27 olmasına baxmayaraq, Azərbaycan da siyasi, iqtisadi sahələrdə ciddi uğurlar əldə edib, regional səviyyədə geosiyasi və geoiqtisadi məsələlərdə söz sahibidir. Bu mənada, hər iki ölkə qarşılıqlı şəkildə əməkdaşlıqda maraqlıdır. Heç kəsə sirr deyil ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkələrdəndir. Bütün bunların məntiqi nəticəsi kimi, demək olar ki, Azərbaycan-Böyük Britaniya münasibətləri regional kontekstdə mühüm əhəmiyyət kəsb edir.
Sədaqət Vəliyeva əlavə edib ki, BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi müstəqilliyinin təməlində dayanan əsas amildir. Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir.