REGİONLAR
Sədərəkdə yaz əkini davam edir
Sədərək, 16 may (AZƏRTAC). Sədərək rayonunda erkən yazdan 850 hektara yaxın sahədə şum qaldırılmışdir.
AZƏRTAC xəbər verir ki, bu sahələrin 750 hektarında əkin artıq başa çatdırılımışdir. Qeyd edək ki, yazlıq əkinin çox hissəsini taxılçılıq təşkil edir. Torpaq mülkiyyətçiləri daha 210 hektar sahəni taxıl üçün ayırmış, səpindən sonra ilkin suvarmanı həyata keçirmişlər.
Tərəvəzçilikdə yüksək təcrübə qazanan sədərəklilər 190 hektar sahədə tərəvəz əkmişlər. Artıq sahələrdən məhsul yığılır.
İqtisadi cəhətdən xeyli gəlirli olan şəkər çuğundurunun əkilib-becərilməsinə də son illər ciddi əhəmiyyət verilir. Bu günədək torpaq mülkiyyətçiləri 105 hektar sahədə şəkər çuğunduru əkinini başa çatdırmışlar.
Bu günədək 84 hektar sahədə kartof, 80 hektar sahədə bostan məhsulları, 27 hektar sahədə paxlalı bitkilər, 19 hektar sahədə qarğıdalı, 15 hektar sahədə isə günəbaxan əkilmişdir.