Səfir: Müstəqilliyin bərpasından sonra Azərbaycan və gürcü xalqları eyni taleyi yaşayıblar
Tbilisi, 30 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə Gürcüstan tarixində müstəqilliyin bərpası aktına imza atmış yeganə azərbaycanlı veteran deputat Akif Həsənovla görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir Faiq Quliyev soydaşımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Azərbaycan və gürcü xalqlarının müstəqillik mübarizəsindən danışan səfir deyib ki, bizim xalqlarımız eyni tarixi prosesləri yaşayıblar. İlk dəfə dövlət müstəqilliyimiz də 1918-ci ildə Tbilisidə elan olunub. Müstəqilliyimizin bərpasından sonra da xalqlarımız eyni taleyi yaşayıblar. Azərbaycan və gürcü xalqları azadlıq və müstəqillik uğrunda fəal mübarizə aparıblar.
Diplomat deyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra bir sıra mühüm addımlar atıb. Bu addımlardan biri də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunmasıdır. Bu gün dünya azərbaycanlıları, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımız bu bayramı təntənə ilə qeyd edirlər.
Səfirlik bu münasibətlə Gürcüstanın bölgələrində olur, soydaşlarımızla görüşlər keçirir. Bugünkü görüşün əsas məqsədi də soydaşlarımızla görüşmək, həmrəyliyimizi nümayiş etdirməkdir. F.Quliyev A.Həsənovun Gürcüstan dövlətinin möhkəmlənməsindəki xidmtlərini yüksək qiymətləndirib. Bildirib ki, Akif Həsənov kimi soydaşlarımızın fədakar xidmətləri heç zaman unudlamayacaq.
Akif Həsənov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
O, bu görüşü Dünya Azərbaycanlılarının Həmrəyliyinin bariz nümunəsi olduğunu qeyd edib.
Görüşdə Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi diqqət və qayğı, xüsusən gənclərin təhsilində, işlə təmin olunmaları istiqamətində qarşılaşdıqları problemlərin həlli ilə bağlı həyata keçirdiyi layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
1952-ci ilin noyabrın 5-də Marneulidə anadan olan A.Həsənov 1990-1991-ci ildə 1990-1991-ci illərdə Gürcüstan Ali Şurasının deputatı olub. 71 yaşlı sabiq deputat hazırda təqaüdçüdür.
Tbilisi