Səfir: Niderland-Azərbaycan əlaqələri yüksək səviyyədədir
Bakı, 26 aprel, AZƏRTAC
Ötən il Niderland ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdik. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. Əlaqələrimiz xüsusilə iqtisadiyyat sahəsində daha çox inkişaf etməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Niderland Krallığının ölkəmizdəki səfiri Onno Kervers bildirib.
Ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirən səfir deyib: “Son bir neçə il ərzində Azərbaycan ilə iqtisadi münasibətlərimizin əsasını kənd təsərrüfatı sahəsindəki əlaqələr təşkil edib. Azərbaycan-Niderland biznes şəbəkəsi iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımından aktiv və faydalı olmaqla yanaşı, həmçinin müntəzəm olaraq Bakı və ətraf bölgələrə ticarət missiyaları təşkil edir. Belə missiyalardan biri bu ilin mayında təşkil ediləcək”.
Diplomat qeyd edib ki, digər sahələrdə fəaliyyət göstərən Niderland şirkətləri də Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdırlar. Niderland şirkətləri enerji, su resurslarının idarə olunması, ekologiya, limanların inşası, neft-kimya, gəmiqayırma, logistika və təhsil kimi sahələrdə aktiv fəaliyyət göstərirlər. Ötən il “Yeni əsrin müqaviləsi”nin imzalanmasından sonra daha çox Holland şirkətləri Azərbaycanda neft və qaz sektorunda fəaliyyət göstərməyi planlaşdırır.
Səfir diqqətə çatdırıb ki, iki ölkə arasında əlaqələr iqtisadi sahə ilə yanaşı, mədəniyyət, təhsil, idman və elm sahələrinə də şamil olunur. O.Kervers ötən il Azərbaycanın regionları ilə əlaqələri möhkəmləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Gəncə, Sabirabad, Bərdə, Tərtər şəhərlərində olduğunu bildirib.