Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə göstərilən diqqətin növbəti təzahürüdür
Tərtər, 20 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Şəhid ailələrinə dövlətimiz tərəfindən daim yüksək qayğı göstərilir. Prezidentimizin Fərmanı ilə birdəfəlik ödəmələrin verilməsi ölkəmizdə şəhid ailələrinə göstərilən diqqətin növbəti təzahürüdür.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Tərtər şəhər sakini şəhid Fəxrəddin Məmmədovun anası Qənirə Məmmədova deyib.
Fəxrəddin Məmmədov orduya yaşı çatmasa da, özünümüdafiə batalyonlarında əsgərlərimizə kömək göstərib. 18 yaşı tamam olanda isə hərbi xidmətə yollanıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 1993-cü ildə Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərin birində şəhid olub.
"Şəhidlərin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Şəhid ailəsi olaraq dövlətin qayğısını daim hiss edirik. Bir çox imtiyazlardan faydalanırıq. Dövlət başçımızın şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsinə dair imzaladığı Fərmana əsasən, bizim ailəyə də 11 min manat məbləğində birdəfəlik ödəmə olunub. Bir şəhid anası kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə minnətdaram", - deyə Qənirə Məmmədova bildirib.