Şəhid mayor Fərid Ələkbərovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılışı olub
Bakı, 8 aprel, AZƏRTAC
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Yasamal rayon Gənclər və İdman İdarəsinin, IDEA şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan mayor Fərid Ələkbərovun xatirəsinə həsr olunan şahmat üzrə onlayn turnirin rəsmi açılış mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, şəhidin qardaşı Rüfət Ələkbərov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, AMVIB Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev və turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.
Tədbirdə çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov xalqımızın tarixinə şəhidlərin qanı ilə yazılan 44 günlük Vətən müharibəsinin gələcək nəsillərin fəxr edib, qürur duyacağı şanlı tarix olduğunu bildirib.
Qeyd olunub ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir.