Şəhid övladlarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib
Bərdə, 10 noyabr, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid övladlarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekskursiyada Bərdə, Tərtər rayonlarından, Yevlax və Mingəçevir şəhərlərindən olan şəhid övladları, regional idarənin aparat üzvləri iştirak ediblər. Ekskursiya iştirakçıları əvvəlcə Bərdə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Ekskursiya zamanı iştirakçılara Hərbi Qənimətlər Parkı haqqında məlumat verilib. Bildirilib ki, burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən qənimət götürülən hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri nümayiş olunur. Vətən müharibəsində rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrildi. Şanlı Ordumuz döyüş meydanında igidlik, cəsarət, qorxmazlıq və yüksək peşəkarlıq göstərdi.
Azərbaycan Ordusunun qüdrətinin əyani sübutu olan, Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı ekskursiya iştirakçılarında böyük təəssürat oyadıb. Ekskursiya çərçivəsində iştirakçılar Zəfər yarmarkası ilə də yaxından tanış olublar.