Şəhid Ülvi Məhərrəmovun xatirəsi anılıb
Sumqayıt, 21 oktyabr, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Məhərrəmov Ülvi Tahir oğlunun xaritəsi anılıb. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin yaxınları, Cümə məscidinin axundu, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra şəhid Ülvi Məhərrəmovun məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Eyni zamanda, vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin atası Tahir Məhərrəmov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sonda ehsan süfrəsi verilib.
Qeyd edək ki, Qubadlının Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirib və Bakı şəhəri Naxçıvanski adına Hərbi məktəbə qəbul olub. 2015-ci ildə hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub. 2019-cu ildə akademiyanı bitirib və leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri, 2020-ci ilin sentyabrından isə bölük komandiri vəzifəsinə təyin olunub.
Vətən müharibəsində iştirak edib və oktyabrın 14-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Subay idi.