Şəhidlik zirvəsinə ucalanlar heç vaxt ölmürlər
Şəki, 17 yanvar (AZƏRTAC). Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində Qanlı Yanvara həsr olunmuş anma mərasimləri, xatirə gecələri, inşa yazı və rəsm müsabiqələri, idman yarışları keçirilir. Mədəniyyət müəssisələrində, kitabxanalarda foto, rəsm və kitab sərgiləri təşkil olunur, guşələr yaradılır, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir.
Faciənin ildönümü ilə əlaqədar şəhərdəki 12 nömrəli tam orta məktəbdə keçirilən “Tarixi bir gün - bir günün tarixi” mövzusunda ədəbi-bədii gecənin əvvəlində dövlət himnimizin sədaları altında səhnəyə üçrəngli Azərbaycan bayrağı gətirilmişdir. Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər 20 Yanvarı Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixinin şanlı səhifəsi, milli şərəf və ləyaqət məktəbi kimi səciyyələndirmiş, bu tarixin bütövlükdə zülmə, əsarətə qarşı mübarizə rəmzinə çevrildiyini diqqətə çatdırmışlar. Xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğu xüsusi vurğulanmışdır.
Sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Yanvarın 17-də rayonun bütün təhsil ocaqlarında ilk dərslər Qanlı Yanvar mövzusuna həsr olunmuşdur.
Ümumrayon tədbirlər planına uyğun olaraq hüzn günü ilə əlaqədar yerlərdə şəhid ailələrinə maddi yardımlar göstəriləcək, məscidlərdə şəhidlərin ruhuna dualar oxunacaqdır.
Yanvarın 20-də Şəhidlər xiyabanında ümumşəhər mitinqi keçiriləcək, şəhid məzarları üzərinə əklillər qoyulacaq, qərənfillər düzüləcəkdir.