Səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir
Culfa, 16 may (AZƏRTAC). Culfa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəmməd Ağayev AZƏRTAC-a demişdir ki, 2008-ci ildə rayon mərkəzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət 50 çarpayılıq xəstəxana binası tikilib istifadəyə verilmişdir. Almaniya, Yaponiya, Koreya, Türkiyə və digər ölkələrin istehsalı olan müasir avadanlıq quraşdırılmış tibb ocağında doğuş-ginekologiya, qəbul, təcili yardım, cərrahiyyə, poliklinika, pediatriya və terapevt-stasionar şöbələri fəaliyyət göstərir.
Poliklinika şöbəsində ultrasəslə müayinə, stomatologiya, göz, lor və digər kabinələr, pediatriya şöbəsində uşaqların rahatlığına uyğun palatalar yerləşir. Əməliyyat otağındakı müasir avadanlıq istənilən mürəkkəb cərrahi əməliyyatı uğurla aparmağa imkan verir. Eyni zamanda, cərrahiyyə şöbəsində 2 reanimasiya otağı vardır. Burada ağır xəstələrin ürək-damar sisteminə yerindəcə nəzarət olunması üçün müasir avadanlıq və monitor quraşdırılmışdır. Eyni zamanda, xəstəxanada yerləşən laboratoriyadakı avadanlıq ümumi, biokimyəvi və bakterioloji analizləri yüksək səviyyədə yerinə yetirməyə imkan verir.
Ümumilikdə, rayonda mərkəzi xəstəxana, 16 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu səhiyyə ocaqlarında 33 həkim, 155 orta tibb işçisi əhalinin sağlamlığı keşiyində durur. Əhalinin sağlamlığının qorunması dispanserizasiya işinin lazımi səviyyədə təşkil olunmasından çox asılıdır. Bu iş Culfa rayonunda da diqqət mərkəzində saxlanılır. Cari ilin ötən dövründə bu istiqamətdə iş uğurla davam etdirilmiş, təqvim əsasında peyvəndlərin vaxtlı-vaxtında aparılması üçün verilən dərman preparatları ayrı-ayrı yaşayış məntəqələri üzrə bölünmüşdür. Yeni doğulan körpələrdə profilaktiki peyvəndlər, orta ümumtəhsil məktəblərinin IV-XI sinif şagirdləri arasında “Mantu” sınağı aparılmışdır. Müraciət edən vətəndaşların ambulator və stasionar müalicəsi diqqət mərkəzində saxlanılmış, böyrək çatışmazlığı olan xəstələr dövlət vəsaiti hesabına dializ olunmuş, şəkərli diabet xəstələri pulsuz dərman preparatları ilə təmin edilmişlər. Həmçinin, 18 cərrahiyyə əməliyyatı aparılmış, 151 uşaq doğulmuş, 1 yaşadək körpələr arasında ölüm faktı qeydə alınmamışdır.