Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir
Bakı, 29 dekabr (AZƏRTAC). Səhiyyə Nazirliyində 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda 2013-cü ilin yekunlarına qısaca nəzər salan səhiyyə naziri Oqtay Şirəliyev ölkə üçün daha bir uğurlu ilin geridə qaldığını bildirmiş, il ərzində səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışmışdır.
Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov isə respublikada səhiyyəyə ayrılan büdcə vəsaitinin 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, növbəti il üçün 725 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 8 faizdən çox artım deməkdir.
Şöbə müdiri demişdir ki, əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olmuşdur. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunmuşdur. Növbəti ilə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
G.Poladov bildirmişdir ki, ölkə üzrə peyvənd planı təxminən 95-99 faiz yerinə yetirilmişdir. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilmişdir. Belə ki, 2013-cü ildə məxmərək, difteriya xəstəlikləri qeydə alınmamış, epidemik parotit ötən illə müqayisədə 40 faizədək azalmış, göyöskürək və tetanus xəstəliklərinə isə sporadik hallarda rast gəlinmişdir.
Qeyd edilmişdir ki, “Təhsil haqqında” qanuna uyğun olaraq respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı müasir təhsil sisteminə uyğun olaraq rezidentura vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, qəbul planına uyğun olaraq 2011-ci ildə 305, 2012-ci ildə 487, 2013-cü ildə isə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar. 2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-yə çatdırılmışdır. Bu il 7 ixtisas üzrə rezidenturanın ilk buraxılışı olmuşdur.
İclasda nazir Oqtay Şirəliyev səhiyyədə qüsursuz və səmərəli fəaliyyətindəki xidmətlərinə görə “Səhiyyə əlaçısı” döş nişanları və fəxri fərmanlarla təltif olunmuş şəxslərə nişan və diplomları şəxsən təqdim etmişdir.