Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 pandemiyası üzrə keçirilən virtual beynəlxalq konfransda çıxış edib
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 10-11-də COVID-19 böhranının qarşısını alınması və həll edilməsində ən məqsədəuyğun vasitələrinin beynəlxalq səviyyədə müzakirə etmək üçün Bosniya və Herseqovina hökumətinin Rəqəmsal Transformasiya prosesi mövzusunda ikigünlük virtual beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransda müxtəlif ölkələrin, o cümlədən Azərbaycan, Böyük Britaniya, Estoniya, Banqladeş, Gürcüstan və bir sıra digər ölkələrin nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bu sahədə ən uğurlu təcrübələrin mübadiləsi məqsədilə keçirilən konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov iştirak edib. N.Seyidov “Səhiyyə sistemində elektronlaşmanın təşviqində COVID-19 pandemiyasının təsiri və rolu” mövzusunda çıxış edərək, Azərbaycanda Elektron Səhiyyənin inkişafına COVID-19 pandemiyasının təkan verməsi haqqında ətraflı məlumat verib. O, çıxışında koronavirusa özünü yoxla üzrə “chatbot”, həkimlər üçün “MD reference” elektron virtual təlimlər portalının yaradılması və digər layihələr barədə ölkəmizin təcrübəsini paylaşıb.
Konfransda, həmçinin digər ölkələrin nümayəndələri tərəfindən COVID-19 böhranında rəqəmsal texnologiyanın rolu və əhəmiyyəti, ictimai səhiyyə sahəsində fəaliyyət göstərən məsul şəxslərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, böhran dövrlərində elektron səhiyyənin rolu mövzularında çıxışlar olub və konfrans iştirakçıları arasında qarşılıqlı müzakirələr aparılıb. Həmçinin Banqladeşdə COVID-19 pandemiyasının qarşısını almaq üçün atılan addımlar, Qərbi Balkanlarda COVID-19 ilə mübarizədə rəqəmsal texnologiya sahəsində həll yolları və müxtəlif yanaşmalar üzrə, həmçinin Serbiya Respublikası və digər ölkələrin hökumətləri tərəfindən bu sahədə rəqəmsal texnologiya üzrə görülən işlər barədə ətraflı məlumat təqdim edilib.
Görüşdə COVID-19 infeksiyasının qarşısının alınması, erkən diaqnozun qoyulması və epidemioloji vəziyyətin nəzarətdə saxlanılması barədə təcrübə mübadiləsi aparılıb. Həmçinin xəstəliyin qarşısının alınması və müalicəsində yeni metodların araşdırılması üçün əməkdaşlıq müzakirə edilib.