Səhiyyədə müasir informasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə edilib
Bakı, 19 may, Elçin Hüseynov, AZƏRTAC
Mayın 19-da Bakıda xəstəxanaların idarə olunmasında müasir informasiya texnologiyalarının tətbiqinə həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət tibb müəssisələrinin rəhbərləri, beynəlxalq ekspertlər və Dünya Bankının nümayəndələri iştirak ediblər.
Nazirlər Kabinetinin sosial məsələlər üzrə şöbəsinin müdiri Musa Ələkbərov konfransda çıxış edərək deyib ki, ölkəmiz sosial-iqtisadi inkişaf və islahatlar yolunda inamla irəliləyir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosialyönümlü siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində səhiyyə sistemində də köklü dəyişikliklər baş verib. Son illərdə paytaxtla yanaşı, regionlarda yeni xəstəxanalar, diaqnostika mərkəzləri istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır. Bu da səhiyyə müəssisələrində geniş tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan yaradır. Təkcə ötən il ərzində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Bunlardan 18-i Bakıda, 48-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir.
Qeyd olunub ki, əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub. Ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm və sair prioritet sahələrdə 11 dövlət proqramı çərçivəsində işlər davam etdirilir. Respublikamızda həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət
dinamika əldə edilib. Bir sıra sosial xəstəliklərdən baş verən ölüm halları azalıb.
Azərbaycanda bir çox tibb müəssisəsinin kompyuter avadanlıqları ilə təchiz olunduğunu bildirən M.Ələkbərov deyib ki, daha yüksək nəticə əldə etmək üçün tibb müəssisələrinin vahid informasiya proqramı ilə idarə olunmasına ehtiyac yaranıb.
Elektron proqramlarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin prioritet istiqamətlərdən biridir. Bu barədə danısan səhiyyə nazirinin müavini Elsevər Ağayev artıq tibb müəssisələrində 33 informasiya xidmətinin tətbiq olunduğunu bildirib: “Daha beş informasiya xidmətinin tətbiqinə də başlanılacaq. Ölkəmizdə 2007-ci ildən elektron sağlamlıq kartından istifadə olunur. İndiyədək 1 milyon yeni doğulmuş uşaq və imtiyazlı şəxslər üçün elektron sağlamlıq kartı verilib. Həmçinin doğum haqqında şəhadətnamələri, sürücülük vəsiqəsi üçün tibbi arayışları onlayn verə bilirik”.
Nazir müavini təcili tibbi yardımın işini asanlaşdırmaq üçün elektron xəritənin hazırlandığını, Yaponiya hökumətinin ayırdığı qrant hesabına və dövlətimizin dəstəyi ilə təcili yardım xidmətində informasiya texnologiyalarının tətbiqinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzi açılıb. Mərkəzdə vaxt itkisinə yol vermədən əhaliyə keyfiyyətli və səmərəli sosial xidmətlər göstərilir. Bir pəncərə sistemi ilə fəaliyyət göstərən mərkəzə müraciətə edən vətəndaşlar məmurla deyil, birbaşa mütəxəssislərlə ünsiyyətdə olurlar.
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə "Elektron səhiyyə. Səhiyyədə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda çıxış edərək ölkəmizdə bu sahədə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Beynəlxalq ekspert Lajos Kovaks dövlət xəstəxanalarının idarə olunmasında Macarıstan təcrübəsi barədə məlumat verib. Ekspert bildirib ki, Avropada səhiyyə büdcəsinin 80-85 faizi qeyri-yoluxucu xəstəliklərin müalicəsinə yönəldilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Səttar Yaqubov isə “Xəstəxanaların müasir idarəetmə sistemi və onun xidmət-keyfiyyət standartları” mövzusunda məruzə ilə çıxış edib.
Sonra mövzu ilə bağlı işgüzar müzakirələr aparılıb.