Şəki Dövlət Yol Polisi Bölməsi təhlükəsizlik tədbirlərini gücləndirib
Şəki, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mübarizə tədbirlərini gücləndirib.
Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2020-ci ildə respublika üzrə qeydə alınmış qəzaların 41,8 faizi piyadaların vurulması ilə bağlı olub. Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə bölmənin əməkdaşları tərəfindən xidməti ərazidə növbəti təhlükəsizlik tədbiri keçirilib.
Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən tədbir zamanı qayda pozuntuları ilə bağlı 22 fakt aşkar edilib və həmin hərəkət iştirakçıları barəsində inzibati tənbeh tədbirləri görülüb.