MƏDƏNİYYƏT
Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə əlaqədar təsdiq edilmiş iş planına uyğun olaraq Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin (Şəki şəhəri, Zaqatala və Qax rayonları) işçiləri, həmçinin həmin İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər vəzifəli şəxsləri üçün korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması və etik davranış qaydalarına əməl edilməsi mövzularında təlim təşkil edilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin İnsan kapitalının idarə edilməsi və Hüquq şöbələrinin əməkdaşları tərəfindən təşkil edilmiş təlimdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, əmək fəaliyyətində etik davranış qaydalarına əməl olunmasının zəruriliyi və bu tələblərin pozulmasının hüquqi nəticələri barədə ətraflı məlumat verilib.
Eyni zamanda regional idarənin tabeliyində olan müəssisələrin mütəxəssislərinin də iştirakı ilə vətəndaş müraciətlərinə baxılması, kadr işinin təşkili və bununla əlaqədar kargüzarlığın təşkili mövzusunda interaktiv təlim keçirilib. İnsan kapitalının idarə edilməsi və Sənəd və vətəndaşlarla iş şöbəsinin əməkdaşları tərəfindən əmək qanunvericiliyi, dövlət orqanlarında kargüzarlığın aparılması istiqamətində izahlar verilmiş, suallar cavablandırılıb.
Üç gün davam edən təlimlərdə ümumilikdə İdarənin və tabeliyində olan müəssisələrin 97 əməkdaşı iştirak etmişdir.