CƏMİYYƏT
Şəkidə Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərinə həsr edilmiş maarifləndirici seminar təşkil olunub
![Şəkidə Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərinə həsr edilmiş maarifləndirici seminar təşkil olunub](/files/2022/2/1200x630/16548538612454660349_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Mərkəzi Cümə məscidinin nəzdində fəaliyyət göstərən "Şəki mərkəzi qız Quran kursu"nun birgə təşkilatçılığı ilə Şəki şəhərində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə olan təhlükə kimi” mövzusunda maarifləndirici seminar keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın əməkdaşı Minarə Cəlalzadə, kursun bölgə üzrə nümayəndəsi Rahilə Babayeva, həmçinin müəllimləri və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının dövlət siyasəti səviyyəsində həyata keçirilməsi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərilməsi qeyd edilib. Seminarda, həmçinin ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarına DQİDK-ın sifarişi ilə ərsəyə gəlmiş "Dövlət və Din" videoçarxı təqdim olunub.