Şəkidə qaydaları pozaraq ictimaiyyət arasına çıxan koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini Şahvəddin Hümmətovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunub, sanitar-karantin rejimi qaydalarına riayət etməsi tapşırılıb. Qaydaları pozacağı təqdirdə məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılıb. Buna baxmayaraq Ş.Hümmətov qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Onun hərəkətdə olduğu yer polislər tərəfindən müəyyən olunub və yaşadığı ünvana geri qaytarılıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsində Ş.Hümmətov barədə cinayət işi başlanılıb.