ŞƏKİDƏ QURULTAY NÜMAYƏNDƏSİ, TANINMIŞ RƏSSAM ƏŞRƏF HEYBƏTOVUN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və incəsənət adamlarının iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Rəssamlar İttifaqı Şəki şöbəsinin sədri Tahir Həmidli və rəssamın yaxın dostu, müğənni Şəmistan Əlizamanlı çıxış edərək, Əşrəf Heybətovun yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, Bakıda doğulub boya-başa çatmış, bu şəhərdə rəssamlıq sənəti üzrə orta ixtisas və ali təhsil almış, Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüş Əşrəf Heybətov sonralar Moskva şəhərində, 1995-ci ildən isə Almaniyada yaşayıb yaradaraq, Azərbaycan rəssamlıq məktəbinin və incəsənətinin təbliği ilə məşğul olmuşdur.
YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü olan Əşrəf Heybətovun əsərlərində milli kolorit, şərq fəlsəfəsi və adət-ənənələrimiz geniş tərənnüm olunur, yaradıcılığında şərqin ənənələri ilə qərbin plastikası üzvi şəkildə bir-birinə qovuşur. Rəssamın dünyanın bir-çox ölkələrində, o cümlədən Bakıda, Moskvada, Türkiyədə, Lüksemburqda, BMT-də fərdi yaradıcılıq sərgiləri təşkil edilmişdir. Hazırda Koblens şəhərinin mərkəzində rəssamın Bakı şəhərinin mənzərələri əks olunmuş 450 kvadratmetrlik divar rəsmləri müvəffəqiyyətlə nümayiş etdirilir.
Əşrəf Heybətov, eyni zamanda, Almaniyada fəaliyyət göstərən “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Cəmiyyət Almaniyanın bütün bölgələrində yaşayan soydaşlarımızla sıx əlaqə saxlayır, bu ölkədə diasporumuzun daha da qüvvətləndirilməsi və inkişaf etdirilməsi üçün səmərəli iş aparır. Məhz bu sahədə səmərəli fəaliyyətinə görə, cəmiyyətin sədri Əşrəf Heybətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
Sərgi ilə tanışlıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov mərasimdə çıxış edərək, sərgidə nümayiş etdirilən monumental sənətkarlıq nümunələrini çox yüksək qiymətləndirmiş, Şəkidə dəfələrlə yaradıcılıq ezamiyyətində olmuş Əşrəf Heybətovun əsərlərinin hazırda şəhərin Rəsm qalereyasında və Yuxarı Karvansara mehmanxana-kompleksində nümayiş etdirildiyini, qorunub saxlandığını bildirmiş, Almaniyada yaşayan soydaşlarımızı Şəkiyə dəvət etmişdir.
Yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə və Şəki əhalisinə minnətdarlığını bildirən Əşrəf Heybətov belə görüşlərin müsbət əhəmiyyətini qeyd etmiş, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.