Şəkidə rəssam və sənətkarların əsərlərindən ibarət sərgi açılıb
Şəki, 2 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 2-də Şəki Dövlət Dram Teatrında yerli rəssam və tətbiqi-dekorativ sənət ustalarının əsərlərindən ibarət “Gələrsən, görərsən” adlı sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının Şəki təşkilatının təşəbbüsü ilə təşkil olunan sərgidə 50-dək şəkili rəssam və sənətkarın 110 əsəri nümayiş olunur.
Sərginin açılışında şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Rəssamlar İttifaqının Şəki təşkilatının sədri Tahir Həmidli, Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, professor Cahangir Novruzov, Əməkdar rəssam, Türkiyənin Yeditepe Universitetinin professoru Teymur Rzayev və sərginin kuratoru Elçin Mustafayev çıxış edərək, tədbirin keçirilməsinin Şəkinin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib, belə sərgilərin təşkilinin bu qədim diyarın mədəni irsinin təbliğinə, şəkili rəssamların, sənətkarların, dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.
Rəssamlar İttifaqının Şəki təşkilatının sədri Tahir Həmidli AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Bir neçə gündən sonra Şəkidə Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulur. İstəyirik ki, şəhərimizə gələn qonaqlar Şəkinin tarixi abidələri, muzeyləri, görməli yerləri ilə yanaşı, bu sərgini də ziyarət etsinlər, rəssamlarımızla, sənətkarlarımızla yaxından tanış olsunlar. Uzun illərdən sonra Şəkidə rəssamların ilk dəfədir belə böyük sərgisi açılır. Ekspozisiyada rəngkarlıq əsərləri üstünlük təşkil edir. Eyni zamanda, burada qrafika, tətbiqi-dekorativ sənət, dekorativ keramika, həmçinin şəbəkə və qarışıq texnika ilə işlənmiş əsərlər nümayiş olunur”.
Şəkili sənətkarlardan şəbəkə ustası Hüseyn Hacımustafazadə, rəssam Mənsur Əzizli və başqaları belə sərgilərin təşkilinin sənətkarların yaradıcılığına böyük stimul verdiyini bildiriblər.