Səkinə Babayeva: Sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı deməkdir
Bakı, 25 aprel, AZƏRTAC
Sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva deyib.
O bildirib ki, Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkəmizin milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırıqları əsasında, Azərbaycan xalqının iqtisadi rifahının yüksəldilməsi məqsədilə iqtisadiyyatın inkişafı yolunda yaradılan təşkilatlar, innovativ müəssisələr, texnologiya parkları sahibkarlığın inkişafına birbaşa təsir edir. Sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı deməkdir.
“AQSİA təsis olunduğu gündən bəri sahibkarlar və sahibkar olmaq istəyən xanımlar üçün mühüm layihələr reallaşdırıb. Belə ki, bu müddət ərzində Bakıda və regionlarda xanımlar üçün biznesin inkişafına dair təlimlər, “Əl əməyi göz nuru” layihəsi çərçivəsində xanımların əl işlərindən ibarət sərgilər, güzəştli maliyyə resurslarına çıxışla əlaqədar tədbirlər keçirilib. İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər təşkilatlarla birgə sahibkarlara dəstək məqsədilə gördüyümüz işlər şübhəsiz ki, xalqımızın rifahının yüksəldilməsi yolunda atdığımız addımlardır. Sahibkarlığı daim diqqət mərkəzində saxlayan, bu günü sahibkarlar və sahibkar olmaq istəyənlər üçün təsis edən Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk”, - deyə S.Babayeva qeyd edib.
Qeyd edək ki, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.