REGİONLAR
Şəkinin taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
Şəki, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 66 min 100 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 25 min 340 hektarı dən üçün arpa, 18 min 110 hektarı buğda olmaqla, 43 min 450 hektar sahəyə toxum səpiblər. Sahələrə səpilən toxumun 7 min 680 tonu xəstəlik və torpaq zərərvericilərinə qarşı geniş spektrli preparatlarla dərmanlanıb. İndiyədək Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin mütəxəssisləri tərəfindən payızlıq taxıl səpilmiş sahələrin 900 hektarında siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb.
Mərkəzin rəisi Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aparılan müşahidələr nəticəsində 120 hektar sahədə iqtisadi ziyanlı həddən xeyli aşağı olmaqla sirayətlənmə aşkar edilib. Bu, onu göstərir ki, artıq ikinci ildir ki, Şəki rayonunda siçanabənzər gəmiricilər depressiya dövrünü keçirir.
Eyni zamanda, mərkəzin mütəxəssisləri tərəfindən taxıl böcəyi sürfələrinə qarşı 7 min 33 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 6 min 484 hektarda iqtisadi ziyanlı həddə sirayətlənmə aşkar edilib. İndiyədək fermerlər tərəfindən 6 min 357 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərində mərkəzin mütəxəssisləri də yaxından iştirak edir və fermerlərə lazımi tövsiyələr verirlər.
Mərkəzin rəsmisinin sözlərinə görə, torpaq mülkiyyətçiləri kimyəvi mübarizə tədbirləri üçün tələb olunan dərman preparatlarının alınmasında “Fermer kartı”ndan geniş istifadə edirlər.